Ana səhifə

   
 Bələdiyyələr
  Bələdiyyələrin siyahısı
  Ümumi axtarış sistemi
 Qanunvericilik Bazası
  Bələdiyyə qanunvericiliyi
  Ümumi axtarış sistemi
 İnformasiya
  Elektron xəritə
  Statistik göstəricilər
  Məqalələr
  Az. Unicode standartları
  Sorğu məlumatları
Səhifə haqqında
  Layihə haqqında
  Səhifə haqqında
   

Copyright by
MULTIMEDIA CENTER

 

Powered by
Macrosoft Company

 

Bələdiyyələr və Mətbuat

Bələdiyyə qurumları

Ölkəmizdə bələdiyyə institutunun yaradılma tarixi çox yaxın zamanlara təsadüf edir. Sovet dönəmində Azərbaycanda yerli özünüidarə olaraq qəbul edə biləcəyimiz Xalq İcraiyyə Komitələri bələdiyyələrə bənzəsədə onu tam əksettimirdi.   anlayışını tamamilə qarşılamırdı. Bu qurumlar əsasən mərkəzi idarə orqanlarının əmr və təlimatlarını icra etməklə məşğul olurdu. İdarəetmədə mərkəziyyətçi təfəkkür hakim olduğundan və hər bir məsələyə idealojia yöndən baxıldığından, bu yerli sovetlərin strukturu və onlara seçkilərin keçirilməsi formal xarakter daşıyırdı.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, idealoji təzyiqlərdən də azad oldu və sürətlə demokratik ənənələri, idarəetmə formalarını ölkədə tətbiq etməyə başladı. Bu istiqamətdə ən mühüm addım 1995-ci ildə Konstitusiyanan qəbulu ilə atıldı.

1995-ci il konstitusiyası qəbul edilməklə ölkədə yerli özünüidarəetmənin bələdiyyələr vasitəsi ilə həyata keçiriləcəyi prinsipi qəbul edildi. Konstitusiyanın 4-cü bölümü «Yerli özünüidarə» başlığı, IX Fəsli isə «Bələdiyyələr» yarım başlığı daşımaqdadır. 142-ci maddədə açıqca yerli özünüidarənin bələdiyyələr vasitəsi ilə həyata keçirildiyi qeyd edilib.

1995-ci ildə konstitusiya qəbul edildiyi zaman «keçid müddəaları» qəbul edildi. Keçid müddəalarının 7-ci bəndinə görə konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətinə ölkədə yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməli idi. Lakin konstitusiyanın bu müddəası bir qədər pozularaq 4 il sonra bələdiyyələr təşkil edildi və 1999-cu il dekabr ayının 12-də ilk bələdiyyə seçkiləri keçirildi.

1999-cu ildə keçirilən seçkilərdə 2667 bələdiyyəyə bəldiyyə üzvü seçilib.  Bu onu göstərir ki, ölkədə irili-xırdalı 2667 bələdiyyə mövcuddur.

Bələdiyyələr 500 nəfərdən az əhalisi olan yerlərdən tutmuş, 300000 nəfərə qədər  əhalisi olan yerlərdə yaradılır. 300 min nəfərdən çox əhaliyə malik olan şəhərlərdə şəhərin inzibati bölgüsünə görə birdən çox bələdiyyə yaradıla bilir. Məsələn Bakı şəhərində hər rayonun ərazisində bir bələdiyyə yaradılıb. 

Bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi üçün bu günə qədər 20-dən çox qanun, əsasnamə və s. qanunvericilik aktı qəbul edilib. Bunların başında bələdiyyələrin statusu haqqında, bəldiyyənin maliyyə əsasları haqqında, bəldiyyə suları haqqında, bəldiyyə torpaqlarının idarə olunması haqqında, bəldiyyə qulluğu haqqında, yerli rəy sorğusu haqqında, bəldiyyə üzvünün statusu haqqında, bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında qanunları, məhəllə komitələri haqqında əsasnaməni o cümlədən digər qanun və aktları göstərmək mümkündür. 

Lakin çox saylı qanunvericilik aktının qəbul edilməsinə baxmayaraq, bələdiyyələrin sərbəst fəaliyyət göstərmələrinə kifayət edəcək qanunvericilik bazası yoxdur. Burada söhbət qəbul edilən qanunların sayından yox, mahiyyətindən-keyfiyyətindən gedir. Bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlar ciddi nöqsan və qüsurlarla qəbul edilib. 

 İlk baxışdan bu nöqsanların təbii olduğunu və müəyyən zaman keçdikdən sonra düzələcəyini ümid etmək olardı. Fəqət, ölkədə mənimsənən bələdiyyə sisteminin əsası göstərir ki, bizim mərkəzi hakimiyyət əlindəki səlahiyyətləri bələdiyyələrlə bölüşməyə tam hazır deyil. Hətta, yaxın gələcəkdə də bu səlahiyyətləri paylaşdırmağı planlaşdırmır. Bələdiyyələrin əsas hüquqi sənədlərin başında gələn “Bələdiyyələrin statusu haqqında” Qanundan açıqca hiss olunur ki, yerli özünüidarəetmənin tək sahibi bələdiyyələr deyil, hətta nəyinki tək sahibi deyil, sadəcə bələdiyyələr köməkçi funksiyasını yerinə yetirən bir quruluşdur. Bələdiyyələrin səlahiyyətinə daxil olmalı məsələlərin əksəriyyəti «İcra Hakimimiyyəti Haqqında Əsasnamə» ilə İcra Hakimlərinin səlahiyyətində saxlanıb. Bələdiyyə bir vitirin qurum olaraq yaradılıb.

Bələdiyyələrin fəaliyyətinin bir hissəsini təşkil edən yerli sosial müdafiə və sosial inkişaf proqramlarında, iqtisadi inkişaf proqramlarında və ekoloji proqramlarda əsas ağırlığın dövlət orqanlarında olduğu, bələdiyyələrin isə dövlət orqanlarının yanında və ya onlara əlavə olaraq bu işləri görə biləcəyi açıqca qanunla tənzimlənir. Digər tərəfdən, qanunla qurulan və əvvəllər heç bir mülkiyyəti olmayan bələdiyyələrin iqtisadi və maliyyə gücü olmadan hansısa sosial, iqtisadi və yaxud, ekoloji problemləri həll edəcəyini fikirləşmək sadəlöhvlük olar. Bələdiyyələrin bu problemləri həll edəcək qədər gücü olması üçün, səlahiyyətləri qanunda açıq göstərilməli, qanuni gəlir mənbələri genişlədilməli, dövlət büdcəsindən böyük miqdarda qanuni paylar ayrılmalıdır.

 Məsələn, Türkiyədə bələdiyyələrə dövlət büdcəsindən ayrılan miqdar hər il təxminən büdcənin 10%-ə yaxındır.  Azərbaycan büdcəsindən bələdiyyələrə ayrılan miqdar keçən il 19 milyard manat, yəni büdcənin 0,3%-i nisbətində olmuşdur. Bu nisbət Türkiyədəkindən 30 dəfə azdır.

Bələdiyyələrin inkişaf etməsi üçün özəlliklə xidmət sektorundan dövlət tamamilə çəkilməlidir. Dövlət klassik dövlət fəaliyyətləri ilə məşğul olmalı, xdmət sektorunu bələdiyyələrə və digər özəl qurumlara verməlidir.

Müasir dünyada illik gəlirləri fərd başına 25 min dollardan çox olan inkişaf etmiş ölkələr olan Avropa Birliyi üzvü ölkələrində, ABŞ, Kanada, Yaponiya və s. dövlətlərdə dövlət, sadəcə klassik funksiyalarını həyata keçirir: vətəndaşların təhlükəsizliyini, ölkənin sərhədlərini qoruyur, ölkədə ədalətin işləməsini tənzmləyir, vergiləri toplayır. İnsanlara xidmətin bütün növləri isə yerli özünüidarə orqanları olan bələdiyyələrə, özəl hüquqi və fiziki şəxslərə verilib. Bu ölkələrdə demək olar ki, sosial problemlər yox dərəcəsindədir.

Azərbaycanda bələdiyyələrin qurulmasından dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq, bir çox bələdiyyə öz fəaliyyətini qurmaq üçün yerləşəcək bir ofisə belə sahib deyil. Maliyyə problemləri nəticəsində xırda məsələlər belə həll edilməmiş qalır.

Bələdiyyələrin büdcələrində vəsait olması üçün, əvvəlcə onun səlahiyyətlərinin sərhədi açıq müəyyənləşdirilməlidir. Bələdiyyələrin fəaliyyət sahəsinə girən məsələlərdən dövlət əl çəkməlidir. Məsələn, şəhər bələdiyyələrinin gəlirini təşkil edə biləcək önəmli mənbələr bələdiyyələrə verilməlidir. Şəhərdaxili nəqliyyatın təşkili (bura hər cür nəqliyyat növü daxildir) sərnişin və yük terminallarının tikilməsi və istifadəsi, icarəsi, su kanalizasiya xidmətlərinin təşkili, hər növ qaz, istilik sistemi xidmətlərinin təşkili və ya fəaliyyətinə izn verilməsi, yanğınsöndürmə xidmətlərinin təşkili, şəhərdaxili meydanların, yolların, küçələrin təmiri, istifadəsinin təşkili və nəzarət, şəhərdaxili ticarətin tənzimlənməsi, şəhərin memarlıq işləri, inşaat izni vermə və başqa bu kimi bütün xidmət sahəsi bütünlüklə bələdiyyələrin səlahiyyətində olmalıdır.

Bələdiyyə qanunvericiliyinin nöqsanlı qəbul edilməsi 15 oktyabr 1985-ci ildə Strasburqda qəbul olunan və 28 dekabr 2001-ci ildə Azərbaycan Milli Məclisində ratifikasiya edilən, yerli özünüidarəetmə haqqında «Avropa Yerliözünüidarə Xartiyasına» uyğun gəlmir. Xartiyanın 3-cü maddəsində yerli özünüidarəetmə anlayışını, “yerliözünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real bacarığı olaraq” tərif edir. Bundan əlavə, Xartiyada göstərilir ki, yerli özünüidarənin səlahiyyət sahəsi açıqca ayrılmalıdır. 4-cü maddənin 4-cü bəndində deyilir ki, “Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər bir qayda olaraq tam və müstəsna olmalıdır.” Onu da qeyd etməliyik ki, Xartyanın 12-ci maddəsində “öhdəliklər başlığı altında xartiyanı qəbul edən dövlətlərin 20 bəndi məcburi öhdəliyə götürməli olduğu, bunlardan isə 10-nun ümumiyyətlə öncəlikli olduğu”- nəzərdə tutulub. Yuxarıda qeyd etdiyimiz əsas müddəalar məcburi bəndlərdir və xartiyaya tərəf olan dövlətlərin bunu hökmən yerinə yetirməsi lazımdır. Bu prinsipə arxalanaraq onu qeyd etmək olar ki, bələdiyyələrin statusunu müəyyənləşdirən qanun ən yaxın vaxtda yenidən işlənməli və bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməlidir. Çünki, Azərbaycan Avropa Şurası üzvlüyünə qəbul olunduğu andan bu sənədlərin zəruri tələblərinə əməl etməyi öhdəsinə götürüb.

Bələdiyyələrlə medianın münasibətləri

Bələdiyyələrin quruluşundakı qanuni nöqsanlar bələdiyyə seçkilərində də təkrarlandığından və çoxsaylı bələdiyyələrə təsadüfi şəxslər üzv «seçildiyindən» bələdiyyələrin işinin təşkilində ciddi problemlər qalmaqdadır. Bələdiyyələr nəyinki geniş ictimaiyyət nümayəndələri və media ilə münasibət qura bilmir, hətta öz seçiciləri ilə normal dialoq qurmaqda da çətinlik çəkirlər. Əslində bələdiyyənin vətəndaşlar və ictimaiyyətlə rabitə qurmaq, bələdiyyə xidmətlərini və ehtiyaclarını ictimaiyyətə çatdırmaq bələdiyyənin müvəffəqiyyətli olmaları baxımından önəmlidir. Bunun üçün bələdiyyələr öz fəaliyyətlərinin nəticələrini xalqa çatdırmaq üçün pres-relizlər hazırlamalı, qəzet və jurnallar nəşr ettirməli, afişalar, bukletlər hazırlayıb, yaymalı, mətbuatla isti münasibətlər qurmalı, ictimaiyyətə çatdırılması zəruri bilgiləri toplayıb xalqa duyurmaq üçün toplantılar, birifinqlər, tanıtım tədbirləri təşkil etməlidirlər.

Bu tədbirlər paketini bələdiyyə həm özü birbaşa həyata keçirə bilər, həm də bələdiyyə nəzdində «ictimaiyyətlə əlaqələr» şöbəsi quraraq bu şöbə vasitəsi ilə də həyata keçirə bilər.

İctimaiyyətin ən önəmli təmsilçiləri olan mətbuat ilə bələdiyyələrnin münasibətlərinə gəldikdə, bu münasibətlərin iki tərəfi var. Bunlar həm mətbuatın həm də bələdiyyələrin mənafeindən dəyərləndirilməlidir.

Mətbuat ictimai maraqları hər zaman diqqətə almalı, ictimaiyyətin nəbzini tutmalıdır. Mətbuat xalqla xalqı idarə edənlərin arasında özünə bir yer seçib. Bu ele bir yerdir ki, nə idarə edənlərin yanında deyil, nə də tam xalqın yanında deyil. Bunların hər ikisi davamlı olaraq mətbuata təzyiq edə bilirlər. Bu təzyiqlərə baxmayaraq mətbuat obyektivliyini itirməməli nə tam idarə edənlərin yanına keçməli, nə də tamamilə xalqın tərəfində durub  onların mövqeyindən çıxış etməlidir. Mətbuat üçüncü tərəf olmalıdır. Belə olan təqdirdə hadisələrə obyektiv-tərəfsiz baxmaq olar.

Bu baxımdan mətbuat yerli özünüidarə orqanlarının fəaliyyətini hər zaman diqqət mərkəzində tutmalı, bələdiyyələrin nə işlər gördüyunu, hansı xidmətləri qüsursuz yerinə yetirdiyini, hansı xidmətlərdə çatışmamazlıqların olduğunu, hansı büdcə xərcləmələrinin hansı məqsədlərlə xərcləndiyini, hansı mühüm məsələlərin həll edilmədiyini, xalqın problemlərindən hansılarının öncəlikli olduğunu, əhalinin sosial problemlərinin, iqtisadi və ekoloji problemlərinin hansı miqyasda olduğu və bu kimi məsələləri daima diqqətdə saxlamalıdır. Bu məsələlərin diqqətdə olması bələdiyyələrin fəaliyyətlərində ictimai nəzarətin və özəlliklə daimi ictimai nəzarətin olduğunu göstərəcək, bələdiyyə rəhbərləri və qulluqçuları öz hərəkətlərində, xərcləmələrində, kapital qoyuluşlarında daha korrekt, daha diqqətli olacaqlar. Qəbul etdiyi hər bir qərarın, hər bir hərəkətin, hər bir icra fəaliyyətinin izləndiyini bilən bələdiyyə idarəçiləri daha doğru qərarlar qəbul edəcək, daha az vəsaitlə daha çox iş görmək istəyəcəklər.

Mətbuatın bələdiyyə fəaliyyətini nəzarətdə saxlaması əhalinin mənafeinə uyğun olduğu üçün, əhali o mətbuat orqanına daha çox rəğbət göstərəcək, onun daimi oxucusuna çevriləcək. Mətbuat orqanlarının bu durumda qazancı ikiqat olacak. Oxucularının sayı və onlara olan etibar artacağı kimi, öz şərəfli vəzifəsini-ictimaiyyətə obyektiv xidmət göstərmə vəzifəsini də qüsursuz həyata keçirəcək.    

Bəzi inkişaf etmiş ölkələrdə mətbuat özəlliklə bələdiyyə fəaliyyətini daima nəzarət altında tutur. Bələdiyyənin bütün fəaliyyətini və o cümlədən əgər fəaliyyətsizliyi varsa onu əhaliyə çatdırır. Burada xüsusilə jurnalistlərin yüksək ixtisaslaşmalarının da rolu böyükdür. Jurnalistlər müəyyən sahələrdə içtisaslaşdıqca o sahənin incəliklərini öyrənir. Bir sahənin peşəkar bilicisi olan jurnalistin diqqətindən nəyisə saxlamaq-gizləmək mümkün deyil.

Məsələn, Türkiyənin önəmli mətbu orqanları olan «Hürriyet», «Milliyet», «Sabah» kimi bir milyondan çox tirajla gündəlik nəşr olunan milli qəzetlər yayıldıqları hər şəhərdə o şəhərin bələdiyyəsinin  fəaliyyətini əks etdirən və o şəhərin problemlərini özündə əksettirən eyni adda qəzet əlavəsi dərc etdirir və həmin qəzetlə birlikdə o şəhərdə satılan qəzetlərlə birlikdə pulsuz paylanır.

Bu metod bəldiyyələr ilə mətbuatın münasibətlərində önəmli rol oynayır. Belə olan halda hər iki tərəfin mənafeyi qarşılıqlı qorunmuş olur. Bu münasibətlərin normal olmasında ən qazanclı çıxan tərəf isə şübhəsiz xalqdır. Xalq mətbuat vasitəsi ilə olanlardan xəbər tutur və araşdırmaçı yazarların qələmindən tökülən sətirlərlə onların mənafelərinin nə qədər qorunub-qorunmadığını öyrənmiş olur.

Bələdiyyələrin mətbuatla münasibətlərinin ikinci tərəfi qeyd etdiyimiz kimi məsələyə bələdiyyələrin mənafeyndən baxmaqdır. Media vasitələri zəmanəmizdə böyük gücə sahibdirlər. Bu gücü müsbət istiqamətə yönəltmək mümkün olarsa onun meyvələrini sürətlə toplamaq mümkündür.

Bələdiyyə seçkili orqan olduğu və müddətli idarəetmə üsulu ilə idarə edildiyi üçün bələdiyyə üzvü seçilən insanlar siyasi şəxs sayılır. Daha açıq bir ifadə ilə, siyasətlə məşğul olmayan bu postu tuta bilməz. Siyasi fəaliyyətlə məşğul olan şəxslərə hər zaman bir tribuna ehtiyac olmuşdur. Kütləvi informasiya vasitələri bu baxımdan bələdiyyə rəhbərləri üçün mühüm vasitədir. Bələdiyyələrin mənafeyi tələb edir ki, onların xalqla münasibətlərini qurmaq üçün bir vasitə olsun. Mətbuat bu baxımdan ələdüşməz fürsətdir. Bələdiyyələr mətbuat vasitəsi ilə proqramlarını, aldıqları qərarları, icra fəaliyyətlərini, elanlarını, elmi-mədəni fəaliyyətlərini, idman tədbirlərini, seçicilərinə çatdırma fürsəti əldə edirlər.

İnkişaf etmiş ölkələrdə bələdiyyələr öz fəaliyyətləri ilə bağlı məlumatların ictimaiyyətə doğru, obyektiv, qüsursuz çatdırılmasını təmin etmək məqsədi ilə «Media və İctimaiyyətlə Əlaqələr» şöbəsi yaradır, bu şöbənin özünün də bir neçə qolu olur. Bu qollardan biri əhali ilə əlaqələri tənzimləyir, şikayətləri və təklifləri qəbul edir, bunları incələyərək qərar qəbul edilmək üzərə rəhbərliyə təqdim edir. Digər bir qol mətbuatla münasibətləri tənzimləyir. Bələdiyyənin yaymaq istədiyi məlumatları ümumiləşdirərək pres-reliz formasında yayır, bələdiyyə fəaliyyətləri haqqında medianı bilgiləndirir. Media quruluşları ilə bələdiyyə sədri arasında körpü rolu oynayır. Bələdiyyə sədri ilə özəl reportajların hazırlanması, özəl xəbərlərin, araşdırmaların hazırlanması, televizya proqramlarında iştirakının təşkili kimi məsələləri həll edir və jurnalistlərlə yaxından əməkdaşlıq edir.

Media və ictimaiyyətlə əlaqələr şöbəsi bələdiyyənin özəl internet səhifəsinin hazırlanması və saxlanması işini öhdəsinə götürür. Müntəzəm olaraq bu səhifəni yeniləyir, bələdiyyə haqqında, bələdiyyənin fəaliyyəti haqqında bütün məlumatları buraya daxil edir. Bələdiyyənin təşkil edəcəyi tədbirləri əvvəlcədən ictimaiyyətə çatdırır və hətta təşkilati işlərdə mühüm rol oynayır.

Azərbaycanda bələdiyyə mətbuat münasibətləri olduqca zəif inkişaf etməkdədir. Peşəkar mənada bu münasibətlərdən danışmaq hələ tezdir. Lakin yavaş-yavaş bu münasibətlərin normallaşacağı gözlənilir. Hər iki cəbhədən bu istiqamətdə ilk addımların atıldığını görmək mümkündür.

Bəzi bələdiyyələrin fəaliyyətləri mətbuat səhifələrində özünə yer tapa bilir.  Özəlliklə bir az aktiv olan Yasamal, Rəsulzadə, Xətai, Mingəçevir bələdiyyələri kimi öncül bələdiyyələrin mətbu orqanlarla münasibət qurduqları görülür. Təəssüf ki bəzi bələdiyyələr onların fəaliyyətlərinin mətbuatda işıqlandırılmasından narahatçılıq keçirir, ictimailəşmək istəmirlər. Hətta müəyyən məsələlərdən çəkindikləri üçün onların haqqında məlumatların yayılmasını istəmirlər. Bir çox bələdiyyənin adı isə ancaq problemlərlə bir yerdə xatırlanır. Ayrıca, bələdiyyələrin büdcə imkanları zəif olduğundan onlar reklam verərək öz fəaliyyətlərinin yayılmasını təmin edə bilmirlər.

Bələdiyyə mətbuat münasibətlərinin mətbuat baxımından vəziyyəti də qənaətbəxş deyil, həttə bu münasibətlər olduqca zəifdər. Ölkə miqyasında yayılan heç bir mətbu orqanın bələdiyyələrlə bağlı nə əlavəsi, nə ayrıca ayrılmış səhifəsi nə də səhifələrində ayrılan bir bölümə rast gəlmək mümkün deyil. Bu sektorun qanuni bazasını, fəaliyyət istiqamətini və s. bilən ixtisaslaşmış jurnalistlər qrupu da təəssüf ki yozdur. Qəzetlərdə bələdiyyələrlə bağlı qarşılaşdığımız məlumatların böyük əksəriyyəti qeyri hökumət təşkilatlarının hansısa xarici ölkədən aldığı qrantın tətbiqi ilə bağlı keçirilən tədbirlərdən məlumatlardır.

Bələdiyyə qurumlarının yeni olması, ictimaiyyət tərəfindən hələ tam dərkedilməməsi mətbuatın da məsələyə yanaşmasına mənfi təsir göstərir. Mətbuat bələdiyyələrlə bağlı araşdırmalar aparılması, fəaliyyətlərin işıqlandırılması ehtiyacını hissi etmir. Mətbuatın özünün də problemi bələdiyyə sektorunu yaxşı bilən, ixtisaslaşmış peşəkar jurnalistlərin hazırlanmamasıdır. Bu sektorun fəaliyyət istiqamətini, qanuni bazasını bilməyən jurnalist cəmiyyətin diqqətini bu sektordakı çatışmamazlıqlara yönəldə bilməz.

Nəticə etibarı ilə bələdiyyələr ilə mətbut münasibətləri çox zəifdir. Burada bələdiyyələrin fəaliyyətsizliyinin də rolu az deyil. Bələdiyyələr toplumun diqqətini çəkən işlər görə bilmir, sadəcə dövlətin ildə bir dəfə verdiyi cüzi miqdarda dotasiyanı maaş olaraq qulluqçuları arasında paylaşmaqdadır. Ciddi işlər görülmədiyindən mətbuatın laqeyidliyi özünə yer tapır. İşlərin az görülməsi problemlərin çox qalmasına səbəb olur.

Bu sektorda problemlər olduqca çoxdur. Ancaq mətbuatda  problemlərə də yer verilmir. Burada, mətbuatın həddindən çox siyasiləşməsi və sadəcə siyasi hadisələrə yer verməsinin payı şübhəsiz böyükdür. Mətbuat orqanlarının böyük əksəriyyətinin tərəfsiz olmaq kimi bir dərdi yoxdur. Onların çoxu təsisçilərinin məqsədlərinə xidməti, ictimai mənafeyə xidmət göstərməkdən üstün tuturlar.

Bütün sahələrdə olan problemlərin bu sahədə də olması təbii haldır. Lakin ölkədə inkişaf getdikcə, demokratikləşmə prosesi sürətləndikcə bu sektorlar arası münasibətlər inkişaf edəcək və ictimai maraq dairəsinə girəcək.    

    Ələsgər Məmmədli

Mülki Cəmiyyətə Doğru Mərkəzin eksperti

 
 
 

Copyright by
Multimedia Center