Bələdiyyələrin maliyyə əsasları
Bələdiyyələrin maliyyə əsasları
Başlıca funksiyası yerli
əhaliyə xidmət göstərməkdən ibarət olan bələdiyyələrin öz vəzifələrini yerinə
yetirməsi onun maliyyə vəziyyəti ilə birbaşa bağlıdır. Bələdiyyə maliyyəsi
bələdiyyənin başlıca hərəkətverici mənbəyidir və belə mənbənin olmaması və ya
zəif olması bələdiyyələrin fəaliyyətinə ən ciddi təsir göstərən amillərdəndir.
Bələdiyyə maliyyəsi geniş
anlayışdır və bura bələdiyyənin bütün iqtisadi resursları və fəaliyyəti daxildir.
Qanunvericiliyə müvafiq olaraq bütövlükədə bələdiyyə əmlakı, bələdiyyə
torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət
və digər iqtisadi fəaliyyəti bələdiyyələrin maliyyəsini iqtisadi əsaslarını
təşkil edir.
Bələdiyyənin maliyyə vəsaiti
içərisində yerli büdcə mühüm yer tutur. Bələdiyyənin qanunvericiliklə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməsi və yerli əhalinin rifahının
yüksəldilməsi, müvafiq ərazinin kompleks inkişafı yerli büdcənin vəziyyətindən
asılıdır.
Yerli büdcə «Büdcə sistemi
haqqında» Azərbaycan Respublikası qanunun 3-cü maddəsinə əsasən Azərbaycan
Respublikasında büdcə sisteminin müstəqil növünü təşkil edir. Bu qanuna görə
Azərbaycanda büdcə sistemi aşağıdakı kimidir:
· Azərbaycan
Respublikasının dövlət büdcəsi,
· Naxçıvan Muxtar
Respublikasının büdcəsi
· Yerli büdcələr.
Azərbaycanda yerli büdcə
anlayışı bələdiyyələr təşkil edilənədək dövlət büdcəsindən regionlar üçün
ayrılan vəsait kimi başa düşülürdü. Bələdiyyələr təşkil edildikdən sonra yerli
büdcə anlayışı konkret məna kəsb edərək bələdiyyə büdcəsi kimi qəbul edilməyə
başlanıldı.
«Bələdiyyələrin maliyyəsinin
əsasları haqqında» Azərbaycan Respublikasının qanunun 4-cü maddəsinə müvafiq
olaraq yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini
reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə
müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və
istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcə bələdiyyə büdcəsi olub, dövləğ
büdcəsinin tərkib hissəsi deyildir. Yerli büdcə bələdiyyə mülkiyyətidir və yerli
büdcələrin formalaşdırılmasını, təsdiqini və istifadə olunmasını, onların
icrasına nəzarəti bələdiyyələr müstəqil həyağa keçirirlər.
Yerli büdcənin gəlirləri
müxtəlif mənbələrdən formalaşır. Bu mənbələr aşağıdakılardır:
Yerli vergilər;
Yerli ödənişlər;
Vergi və ödənişlərə görə
hesablanmış faiz və sanksiyalar;
Könüllü birdəfəlik ödənişlər.
Yerli vergilər dedikdə,
qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsəsən tətbiq edilən və
bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Yerli vergi və
ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə
onların dərəcələrinin yuxarı və aşağı həddi Vergi Məcəlləsi ilə müəyyən edilsədə,
tətbiqi qaydaları isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir.
«Yerli(bələdiyyə) vergilər və
ödənişlər haqqında» qanunun 6-cı maddəsi vergitutmanın aşağıdakı formalarını
nəzərdə tutur;
· bilavasitə
mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);
· bəyannamə üzrə (verginin
gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);
· bildiriş üzrə (vergitutma
obyektinin dəyər və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının
hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi
tərəfindən verginin ödənilməsi)
Yerli vergilərin və
ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarəti
bələdiyyələrin vergi xidməti orqanları həyata keçirirlər. Qeyd etmək lazımdır
ki, yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydalarının, vergi
ödəyicilərinin və bələdiyyələrin vergi xitməti orqanlarının hüquq və
vəzifələrinin, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin
pozulmasına görə məsuliyyəti, bələdiyyələrin vergi xidməti orqanlarının və
onların vəzifəli şəxslərinin hərəkələrindən (hərəkətsizliyindən) şikayət
edilməsi qaydalarının ayrıca Əsasnamə ilə tənzim edilməsi nəzərdə tutulur. «Yerli
vergi xidməti orqanları haqqında» Əsasnamə adlanan bu sənəd hazırda Milli
məclisin yalnız ikinci oxünuşdan keçmişdir.
Qüvvədə olan qanunvericiliyə
əsasən hazırda 4 növ vergi yerli büdcəyə ödənilir.
· Fiziki şəxslərdən
torpaq vergisi;
· Fiziki şəxslərdən
əmlak vergisi;
· Yerli əhəmiyyətli
tikinti materialları üzrə mədən vergisi;
· Bələdiyyə
mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi;
Fiziki şəxslərdən torpaq
vergisi fiziki şəxsin mülkiyyətində olan torpaqlardan, eyni zamanda tikililərin
və qurğuların altında olan torpaqlardan tutulur. Fiziki şəxslərdən torpaq
vergisi torpaq sahəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər
əsasında müəyyənləşdirilir. Digər torpaqlarla yanaşı tikililərin və qurğuların
altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri
olan torpaq sahələrinə görə də torpaq vergisi tutulur.
Fiziki şəxslərdən torpaq
vergisinin dərəcəsi Vergi Məcəlləsinin 206-cı maddəsinə uyğun olaraq kənd
təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün aylıq gəlirin vergi tutulmayan
məbləğinin(Vergi Məcəlləsinə müvafiq olaraq aylıq gəlirin vergi tutulmayan
məbləği 100 min manat təşkil edir) 0,3 faizi qədərindədir. Həmin maddənin 2-ci
bəndinə əsasən torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqlarının
təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları
müəyyənləşdirilir. Bu dərəcə müxtəlif regionlar üçün aşağıdakı kimidir:
Yaşayış məntəqələri
Sənaye, tikinti. Nəqliyyat,rabitə,ticarət,məişət xidməti və digər xüsusi
təyinatlı torpaqlar Yaşayış fondlarının,həyətyanı sahələrin torpaqları və
kənd təsərrüfatı üçün istifadə edilən torpaqlar, vətəndaşların bağ sahələrinin
tutduğu torpaqlar
Bakı 0,3 0,025
Gəncə, Sumqayıt
0,25 0.02
Naxçıvan,Şəki,Yevlax,Lənkəran
Xankəndi,Mingəçevir,Əli-Bayramlı,Naftalan 0,15 0,012
Rayon mərkəzlərində
0,125 0,01
Rayon tabeçiliyində olan
şəhərlərdə,qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin qəsəbə və
kəndləri istisna olmaqla) 0,06 0,005
(Azərbaycan Respublikasının
Vergi Məcəlləsi-maddə 206)
. Bələdiyyələr tərəfindən hər
il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə
bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Ayrılıqda bir neçə
fizki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və
ya onlara xidmət üçün ayrılmış topaq sahələrinə görə vergi onlara məxsus tikili
sahələrinə mütənasib surətdə hesablanır.
Torpaq vergisi bərabər
məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq yerli büdcəyə
ödəməlidirlər.
Vergi Məcəlləsinə müvafiq
olaraq müəyyən koteqoriyadan olan vətəndaşlar torpaq vergisindən güzəştlərə
malikdirlər: Azərbaycan Respublikası Milli Qəhrəmanlarının. Sovet ittifaqı və
Sosialist əməyi Qəhrəmanlarının, Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif
edilmiş şəxslərin, I və II qrup müharibə əlillərinin, həlak olmuş, yaxud
sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, 1941 - 1945-ci illərdə arxa
cəbhədə fədakarlıq əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin,
qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin,
Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər
radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o
cümlədən nüvə silahı və uosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və
başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə
tutulmuş və ya xəstəlikləri keçirmiş şəxslərin mülkiyyətində olan torpaqlara
görə topaq vergisinin məbləği aylıq gəlirin vergi tutulmayan məbləğinin 50%-i
qədər azaldılır.
Fiziki şəxslərdən əmlak
vergisinin subyektləri Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən mülkiyyətində
qanunvericiliklə müəyyən edilmiş əmlak olan bütün rezident və ya qeyri-rezident
fiziki şəxslərdir. Vergi Məcəlləsinin 197-ci maddəsi vergi tutulmalı olan
əmlakın dairəsini konkret olaraq müəyyən edir. Bu maddəyə görə fiziki şəxslərin
xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən
tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib
edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobil və
avtonəqliyyat vasitələri, su və hava nəqliyyat vasitələrinin dəyəri vergitutma
obyektidir.
Qeyd olunan bu əmlaklardan
vergilər Vergi Məcəlləsinin 198-ci maddəsində göstərilmiş dərəcələrə uyğun
olaraq ödənilir. Fiziki şəxslər binalara görə o halda əmlak vergi ödəyirlər ki.
binanın dəyəri aylıq gəlirin vergi tutulmayan məbləginin 300 mislindən, yəni
indiki dəyərlə 30 milyon manatdan çox olmuş olsun. Əgər binanın dəyəri qeyd
olunan məbləğdən aşağıdırsa, fiziki şəxs heç bir halda binaya görə əmlak vergisi
ödəməməlidir. Dəyəri 30 milyon manatdan yuxarı olan binaya görə əmlak vergisi
isə ümumi məbləğin 0.1 faizini təşkil edir.
«Yerli (bələdiyyə) vergilər
və ödənişlər haqqında» qanunun 5.3 bəndinə əsasən tikililər və onların
hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədilə
bələdiyyələr 3-5 ildə bir dəfədən çox olmamaq şərtilə, ərazilərində yerləşən
müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul
edirlər. Əmlakın qiymətləndirilməsi üzrə əməliyyatlar bələdiyyələrin maliyyə
vəsaiti hesabına maliyyələşdirilir. Bu dəyər Nazirlər Kabineti tərəfindən təsdiq
olunan qaydalar əsasında müəyyənləşdirilir.
Əmlakın bələdiyyələr
tərəfindən qiymətləndirilməsi məcburi deyil. Əgər fiziki şəxs əmlakın dəyərini
özü müəyyənləşdirmək istəyirsə, bunu edə bilər. Bu halda əmlakın dəyəri fiziki
şəxsin təşəbbüsü ilə və onun hesabına müstəqil peşəkar qiymətləndiricilər
tərəfindən hesablana bilər.
Su və hava nəqliyyatı
vasitələrindən əmlak vergisi onların mühərrikinin həcminə görə müəyyənləşdirilir.Hər
iki nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün aylıq gəlirin
vergi tutulmayan məbləğinin 0.02 faizi həcmində vergi tutulur. Mühərriki olmayan
su və hava nəqliyyatı vasitələrindən isə onların bazar qiymətinin 1 faizi
məbləğində vergi tutulur.
Avtonəqliyyat vasitələrinə
görə illik əmlak vergisi də həmin vasitələrin mühərrikinin həcminə görə (1 kub
santimetr hesabı ilə) aşağıdakı dərəcələrlə ödənilir:
Vergitutma
obyektinin adı Aylıq gəlirin vergi tutulmayan məbləğinə nisbətən.
faizlə
Minik avtomobilləri
0,01
Yükdaşıyan avtonəqliyyat
vasitələri və avtobuslar 0,02
(Azərbaycan Respublikasının
Vergi Məcəlləsi-maddə 198)
Vergi Məcəlləsinin 200-cü
maddəsinə müvafiq olaraq fiziki şəxslərdən əmlak vergisi müvafiq orqanların
təqdim etdikləri məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə
hesablanılır. Binalar üzrə əmlak vergisi bələdiyyələrin təqdim etdiyi məlumat
əsasında, su və hava nəqliyyatı vastələrinə görə əmlak vergisi isə onların
qeydiyyatını keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında
hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi
mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış
ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri müvafiq
orqana təqdim etməlidir
Qanunvericiliyə uyğun olaraq
əgər binanın bir neçə sahibi olarsa, bu halda əmlak vergisi həmin binanın hər
sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq hesablanılır. Su və
hava nəqliyyatı bir neçə şəxsə məxsus olduqda isə, əmlak vergisi həmin nəqliyyat
vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.
Vergi ödəyicilərinə verginin
ödənilməsi haqqında tədiyyə bildirişləri iyunun 1-dən gec olmayaraq verilməlidir.
Vergi ödəyiciləri noyabrın 15-dək əmlak vergisini ödəməlidirlər.
Avtonəqliyyat vasitələri üzrə
əmlak vergisi avtonəqliyyat vasitələrinin qeydiyyatdan, yenidən qeydiyyatdan və
ya illik baxışdan keçirilməsi üçün müəyyən edilmiş vaxtda ödənilir. Verginin
ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitələrinin qeydiyyatı,
yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.
Qanunvericiliyin tələbinə
görə əgər əmlakın əvvəlki sahibi vergini ödəməyimbsə, həmin əmlaka görə vergini
əmlakın yeni sahibi ödəməlidir.
Qanunvericiliklə müəyyən
edilmiş əmlak vergisinin vaxtında ödənilməməsi vergi ödəyicisi üçün hüquqi
məsuliyyət doğurur və əlavə faiz hesablanır.
Binaların icarəyə, kirayəyə
verildiyi, habelə sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün
istifadə edildiyi hallar istisna olmaqla Azərbaycan Respublikası Milli
Qəhrəmanlarının, Sovet ittifaqı və Sosialist əməyi Qəhrəmanlarının, Şöhrət
ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin, I və II qrup müharibə
əlillərinin, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarının, 1941 - 1945-ci illərdə arxa cəbhədə fədakarlıq əməyinə görə orden
və medallar ilə təltif edilmiş şəxslərin, qanunvericiliklə müəyyən edilmiş
qaydada müharibə veteranı adı almış şəxslərin, Çernobıl AES-də qəza, mülki və ya
hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə
nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və uosmik texnika
ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və
şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya xəstəlikləri keçirmiş şəxslərin,
habelə pensiyaçıların və hərbi xidmət qulluqçularının və onların ailə üzvlərinin
müddətli hərbi xidmət dövründə binalara görə ödəmələri olduqları əmlak
vergisinin məbləği Vergi Məcəlləsinə müvafiq olaraq aylıq gəlirin vergi
tutulmayan məbləğinin 1,5 misli qədər azaldılır.
Yerli əhəmiyyətli tikinti
materialları üzrə mədən vergisinin subyektləri qanunvericiliyə əsasən fiziki və
hüquqi şəxslərdir. Bələdiyyə ərazisində qanunla müəyyən edilmiş faydalı
qazıntılardan istğifadə edən bütün şəxslər müvafiq bələdiyyə büdcəsinə vergi
ödəməlidirlər. «Yerli vergi və ödənişlər haqqında» qanunun 8-ci maddəsinə əsasən
kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik çınqıl xammalı
yerli əhəmiyyətli tikinti materialları hesab edilir. Vergi Məcəlləsinin 217-ci
maddəsinin tələblərinə müvafiq olaraq mədən vergisinin məbləgi faydalı
qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dək ödənilməli və vergi
ödəyiciləri bələdiyyəyə mədən vergisinin bəyannəməsini verməlidirlər.
Yerli əhəmiyyətli tikinti
materialları üzrə mədən vergisinin dərəcələri aşağıdakı kimi müəyyənləşdirilir:
Yerli əhəmiyyətli tikinti
materiallarının adı Verginin dərəcələri (faizlə)
Kərpic-kirəmit gilləri
Tikinti qumları yüksək möhkəmliyə malik çınqıl xammalı 4 3 6
(Azərbaycan Respublikasının
Vergi Məcəlləsi-maddə 216)
Mədən vergisinin
qanunvericiliklə müəyyən edilmiş dərəcələri yerli əhəmiyyətli tikinti
materiallarının ayrı-ayrı növləri üzrə topdansatış qiymətinə tətbiq edilir.
Bələdiyyə mülkiyyətində olan
müəssisə və təşkilatlardan mənfəət vergisi Vergi Məcəlləsində digər müəssisə və
təşkilatlar üçün nəzərdə tutulmuş qaydada ödənilir. Qanunvericiliklə bütün
hüquqi şəxslər mənfəət vergisini dövlət büdcəsinə ödəyirlər. Yalnız burada.
bələdiyyə mülkiyətində olan müəssisə və təşkilatlar istisna olaraq mənfəət
vergisini dövlət büdcəsinə deyil yerli büdcəyə ödəyirlər. Müəssisələrdən mənfəət
vergisi 27 faiz təşkil edir.
«Bələdiyyələrin statusu
haqqında» qanununa əsasən bələdiyyələr təsərrüfat fəaliyyəti və ya qanunla
qadağan edilməmiş digər fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxs
yarada bilərlər. Bu zaman bələdiyyələr yaratdıqları hüquqi şəxslərin fəaliyyət
məqsədlərini, şərtlərini və qaydasını müəyyənləşdirir, onların məhsulunun (xidmətlərinin)
qiymətlərini və tariflərini tənzimləyir, nizamnamələrini təsdiq edir,
rəhbərlərini təyin və azad edir, fəaliyyətlərinə dair hesabatlarını dinləyirlər.
Yerli vergilərlə yanaşı yerli
ödənişlər də yerli büdcənin mühüm gəlir mənbələrini təşkil edir.«Yerli vergi və
ödənişlər haqqında» qanunun 9-cu maddəsinə müvafiq olaraq yerli ödənişlərə
bunlar aiddir:
Küçə (divar) reklamının
yerləşdirilməsi və yayımı üçün ödəniş. «Reklam haqqında» qanunun 15-ci maddəsinə
görə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər
obyektlərdə küçə reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş yerli büdcəyə
ödənilir. Digər obyektlərdə yerləşdirilən və ya yayımlanan reklamlara görə
ödəniş isə həmin obyektin mülkiyyətçisinə ödənilir. Reklamın yerləşdirilməsi və
ya yayılması müvafiq obyektin mülkiyyətçisi ilə müqavilə əsasında həyata
keçirilir.
Bələdiyyə mülkiyyətinin
özgəlləşdirilməsindən, icarəyə verilməsindən daxil olan ödəniş. Bələdiyyələr
müülkiyyətində olan əmlakı özgəninikiləşdirmək, icarəyə və istifadəyə vermək
hüququna malikdirlər. Bütün bu məsələlər bələdiyyə ilə digər tərəflər arasında
bağlanmış müqavilə əsasında həyata keçirilir. Bələdiyyə torpaqları istisna
olmaqla bələdiyyə əmlakının özgəninkiləşdirilməsi, icarəyə və istifadəyə
verilməsi ümumi əsaslarla həll edilir. Bələdiyyə torpaqları ilə münasibətlər isə
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, «Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında» Azərbaycan Respublikasının qanunu və digər qanunvericilik
aktları ilə tənzim edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında»
qanunun 10-cu maddəsinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq
sahələri satıldıqda qiymətlər torpağına normativ qiymətindən az olmamaq şərtilə
bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən muəyyən edilir.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli qərarı ilə bələdiyyə
mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müəyyənləşdirilir. Bu
qərara əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının
aşağı həddi torpaq vergisinin 2 mislindən az ola bilməz. Lakin qanunvericilik
müəyyən hallarda torpağın icarə haqqında müəyyən güzəştlərində mümkünlüyünü
nəzərdə tutur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 19.6-cı
maddəsinə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatlı
təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda və kənd təsərrüfatına az
yararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə
verildikdə icarə haqqı güzəştli şərtlərlə tətbiq edilir.
Bələdiyyələr tərəfindən
xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə
və digər xidmətlərə görə ödəniş. Qanunvericilik bələdiyyələrə onların
mülkiyətində olan torpaq sahələrində əhaliyə mövsümi xidmət obyektləri açmaqla
və ya bu xidməti həyata keçirən şəxslərlə müqavilə əsasında ödəniş almaqla yerli
büdcənin imkanlarını genişləndirsinlər. Belə xidmətə görə bələdiyyə büdcəsinə
birdəfəlik ödənişlər ödənilməsi nəzərdə tutulur
Bələdiyyə ərazisində
mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan
ödəniş. «Yerli vergi və ödənişlər haqqında»qanunun 9.1.4 maddəsinə görə qeyd
olunan xidmətlərə görə ödəniş hər bir şəxs üçün sutkada şərti maliyyə vahidinin
1 mislindən çox olmamaqla müəyyən edilir. Yəni bir şəxs üçün bələdiyyə büdcəsinə
ödənilən rüsumun məbləği 5 min manatdır
Bələdiyyə ərazisində
avtomobillərin dayanacaqları üçün ödəniş. Bələdiyyə ərazisində olan belə
dayanacaqlar bütün növ avtomobillər üçün ola bilər. Dayanacaqlar daimi və ya
müvəqqəti xarakterli ola bilər. Avtomobil dayanacaqlarının yerini bələdiyyələr
özləri müəyyən edirlər. Avtomobillərin dayanacaqları üçün ödəniş hər bir
nəqliyyat vasitəsi üçün sutkada şərti maliyyə vahidinin 0,1 mislindən çox
olmamaqla müəyyən edilir.
Azərbaycan Respublikasının
Dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar. Dotasiya - dövlət
büdcəsindən büdcə tənzimlənməsi qaydasında bələdiyyələrə verilən vəsaitdir.
Dotasiya məqsədli təyinata malik olmayıb bələdiyyənin öz mülahizəsi əsasında
istifadə olunur. Bu vəsaitlər xüsusi və tənzimləyici gəlir mənbələri
çatışmadıqda yerli büdcəni tarazlşdırmaq məqsədi daşıyır.
Bələdiyyələr hər il dövlət
büdcəsindən dotasiya alırlar. Praktikada dotasiyanın həcmi bir qayda olaraq
bələdiyyə ərazisində yaşayan əhalinin sayına müvafiq olaraq müəyyənləşdirilir.Qanunvericilik
bələdiyyələrin dövlət büdcəsindən dotasiya almaları üçün xüsusi prosedura
nəzərdə tutmuşdur. Belə ki, əgər bələdiyyələr növbəti maliyyə ili üçün dövlət
büdcəsindən dotasiya almaq nəzərdə tuturlarsa, onda bu halda aşağıdakı sənədlər
və məlumatla birgə yerli büdcənin layihəsini may ayının 1-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər:
· Cari ilin
gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;
· Növbəti büdcə ili
üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən
ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması;
· Ötən ildə yerli
büdcənin icra vəziyyəti barədə auditor rəyi;
· Maliyyə
Nazirliyinin sorğusuna görə digər materiallar.
(«Büdcə sistemi haqqında»
qanunun 11.14-cü maddəsi)
subvensiyalar - konkret
məqsədlər və müvafiq bələdiyyə ərazisində sosial-iqtisadi inkişafı
tarazlaşdırmaq üzrə proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən
ayrılan pul vəsaitləridir. Subvensiyalardan öz məqsədli təyinatına görə istifadə
olunmadıqda bu vəsaitləri ayırmış dövlət orqanlarına qaytarılır. Dövlət
orqanları bələdiyyələrin bu vəsaitlərin düzgün xərclənməsinə nəzarət edirlər.
Subvensiyaların icra müddəti başa çatdıqdan sonra yerli özünüidarə orqanları
onların xərclənməsi və görülən işlər barədə hesabatları müafiq dövlət
orqanlarına təqdim edirlər.
Fiziki və hüquqi şəxslərin,
beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları.
Qanunvericilik fiziki və hüquqi şəxslərə bələdiyyələrə maliyyə yardımı etməkdə
və ya qanunvericiliyin imkan verdiyi mənbələrdən maliyyə resursları əldə etməkdə
demək olar ki, məhdudiyyətlər nəzərdə tutmamışdır. İstənilən fiziki və hüquqi
şəxs yerli özünüidarəetmə orqanlarına öz istəklərinə uyğun olaraq maliyyə
yardımları edə bilərlər.
Qanunvericilik bələdiyyələrə
eyni zamanda beynəlxalq təşkilatlardan və fondlardan qrantlar almaq hüququnu da
nəzərdə tutmuşdur. Qrant - humanitar, sosial və ekoloci layihələri, müharibə və
təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial
təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə,
mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində
proqramları, dövlət və ictimai birlik (qeyri-hökumət təşkilatları) üçün
əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün «Qrant
haqqında» qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız
konkret məqsəd (məqsədlər) üçün verilir.
Qrant maliyyə vəsaiti
şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi
hər hansı şəkildə geri istənilə bilməz.
Qrant almaq üçün bələdiyyələr
donorlara yazılı şəkildə müraciət etməlidirlər. Bir qayda olaraq qrant ayıran
fondların sənədlərində müraciətin daha məqsədə müvafiq forması göstərilir. Bəzi
fondlar həmin müraciət formasının tələblərinə cavab verən tam ərizənin təqdim
edilməsini tələb edirlər, digər hissəsi isə ilkin olaraq ayihənin qısa şərhi və
icrası barədə məlumatları özündə əks etdirən məktub tələbnamə almağa üstünlük
verirlər.
Maliyyələşdirmə barədə ərizə
bir sıra meyarlara cavab verməlidir. Çalışmaq lazımdır ki, donorun təqdim etdiyi
məlumat xarakterli materiallarda sadalanan meyarlara maksimum riayət edilsin.
Könüllü birdəfəlik ödənişlər.
Qanunvericilik bələdiyyələrə konkret problemin həlli üçün könüllü birdəfəlik
ödənişlər müəyyən etmək hüququ verir. Könüllü birdəfəlik ödənişlər bələdiyyənin
qərarı ilə tətbiq edilir. Lakin vətəndaşlar özləri də rəy sorğusu vasitəsilə və
ya vətəndaşların yığıncaqlarında belə bir təşəbbüslə çıxış edə bilərlər. Könüllü
birdəfəlik ödənişlər barədə qərarlar nəticəsində əldə olunan vəsait yalnız
məqsədli təyinatı üzrə istifadə oluna bilər.
Mirəli Hüseynov
IFES
|